← Alle artikelenAll posts

Ali Məhkəmənin qazlaytinqi…

Cabir Aliyev 12 min leestijd12 min read

… yaxud icra məmurunun hərəkətlərindən inzibati məhkəməyə şikayət verməliyik, yoxsa qətnaməni qəbul etmiş məhkəməyə?

“…Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurlarının qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilməlidir. […] QƏRARA ALDI: 1. Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarı

“Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.” Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı, nəticəvi hissə, bənd 2

“Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı

“16 oktyabr 2012-ci il tarixli Qanun ilə 87-ci maddəyə edilən dəyişikliklə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi müəyyən olunmuşdur. […] Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər.” Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarına hakim İ.Nəcəfovun xüsusi rəyi

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarı:

23. “…İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət — bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət — bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.

24. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır:

25. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.

26. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. […]” Ali Məhkəmənin Mülki Kollegiyasının 17.05.2022-ci il tarixli, 2(102)-2890/2022 nömrəli qərarı, p. 23–26

Azərbaycan dilində oxuduğunu başa düşən və əqli qüsuru olmayan istənilən adam məhkəmə qərarlarından bu çıxarışları oxuyanda başa düşür ki, Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmənin eyni məsələdə fərqli mövqeyi var. Konstitusiya Məhkəməsi deyir ki, icra məmurunun qərar, hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verilməlidir. Ali Məhkəmə isə deyir ki, qətnaməni qəbul etmiş məhkəməyə.

Xüsusi rəydən gətirdiyimiz sitat bu fərqi daha da aydın göstərir. 2017-ci il KM Qərarına xüsusi rəy yazan hakim İ.Nəcəfov məhz Ali Məhkəmənin bugünkü mövqeyini müdafiə edir və icra məmurunun hərəkətlərindən şikayət icra sənədini vermiş məhkəməyə verilməlidir deyir.

Ali Məhkəmə KM-dən fərqli mövqedə ola bilməz, bu heç.

Təəssüf doğuran odur ki, Ali Məhkəmə KM-dən fəqli mövqeyini məhz KM-nin fərqli mövqeyinə istinad edərək əsaslandırır. Sadələşdirirəm. Ali Məhkəmə deyir ki, KM-nin mövqeyinə görə icra məmurunun hərəkətlərindən şikayət inzibati məhkəmələrə verilməlidir. Ona görə icra məmurunun hərəkətlərindən inzibati məhkəmələrə şikayət verilməməlidir. Vallah zarafat etmirəm. Eynilə belədir vəziyyət. Üstəlik Ali Məhkəmə KM-nin qərarından sitatlar gətirir, amma sitat gətirdiyi qərarlarda elə cümlələr yoxdu.

Həqiqətən də girişdə çıxarış verdiyim Ali Məhkəmə Mülki Kollegiya qərarı Konstitusiya Məhkəməsinin 2017-ci il Qərarından dırnaq içində sitat gətirir. Amma təsəvvür edin, qara ilə verdiyimiz hissədə Ali Məhkəmənin Konstitusiya Məhkəməsinin qərarı kimi vasitəsiz nitqlə sitat gətirdiyi cümlələr və fikirlər istinad etdiyi Konstitusiya Məhkəməsi qərarında yoxdur. (1) Qərarı başdan-sona oxudum: nə əsaslandırıcı hissədə, nə nəticəvi hissədə, nə də xüsusi rəydə icra məmurunun fəaliyyətinin “şərti olaraq iki hissəyə” bölünməsindən, 87.1-ci maddənin “birinci hal üzrə” tətbiqindən və ya “inzibati iddia olmayan şikayət”dən bir kəlmə də yoxdur. Bu Qərar əslində yalnız icraata xitam haqqında qərardan şikayətlə bağlıdır və qətnaməni qəbul etmiş məhkəməni də yalnız bu hal üçün, ümumi qaydadan istisna kimi göstərir.

Vəziyyəti təsəvvür edə bilirsinizmi? Ölkənin ali məhkəmə instansiyası Konstitusiya Məhkəməsinin adından cümlələr yazır, onları dırnaq içinə alır və üzərində qərar qurur.

Hekayə bununla da bitmir. Mülki Kollegiyanın qərarında Konstitusiya Məhkəməsinin qərarı kimi uydurulan bu fikirlər sonradan Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında istifadə edilməyə başlanır. Müəyyən edə bildiyimiz qədəri ilə Ali Məhkəmənin 30.12.2023-cü il tarixli, 2-1(102)-2777/2023, 22.12.2023-cü il tarixli, 2-1(102)-3114/2023 və 01.02.2024-cü il tarixli, 2-1(102)-939/2024 nömrəli qərarlarında eyni fikirlər təkrar olunur (2) Bu dəfə artıq Konstitusiya Məhkəməsinə istinad da yoxdur: qeyd edilən fikirlər kollegiyanın öz mövqeyi kimi verilir. (2022-ci ildən əvvəlki qərarlar elektron resurslarda mövcud olmadığı üçün yoxlamaq mümkün olmamışdır)

Daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının bu mözvuda kassasiya şikayətlərini qərardadla icraata götürməkdən imtina etməyə başladığını müşahidə edirik. Ali Məhkəmənin İnzinati Kollegiyasına görə bu yanaşma artıq “vahid məhkəmə təcrübəsi”dir və “kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilib” . (3) Ali Məhkəmənin İnzibati Kollegiyası da Konstitusiya Məhkəməsinin 2015-ci il Qərarının yuxarıda verdiyimiz bəndini öz qərarlarında hərfi şəkildə sitat gətirir, sonra isə ona zidd nəticəyə gəlir və bu ziddiyyəti heç cür izah etmir. (4)

Ali Məhkəmə nə deyir?

Ali Məhkəmənin uydurma istinadını bir kənara qoysaq, onun mövzu ilə bağlı, yəni icra məmurunun hərəkətlərindən qətnaməni qəbul etmiş məhkəməyə şikayət verilməli olduğu barədə mövqeyi əsaslandırdığı arqumentlər bunlardır:

Birincisi və əsası: “İcra haqqında” Qanunun 87.1-ci maddəsi icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı olmayan, icradan kənara çıxan qərar, hərəkət və hərəkətsizliyi üçündür, icra ilə bağlı olanlardan isə qətnaməni qəbul etmiş məhkəməyə şikayət verilir.

İkincisi, 87.1-ci maddə “şikayət” sözündən istifadə edir, şikayət isə inzibati iddia növü deyil, İPM-də belə bir institut mövcud deyil.

Üçüncüsü, məhkəmə aidiyyətini yalnız prosessual məcəllələr müəyyən edə bilər, “İcra haqqında” Qanun yox. Ona görə də "İcra haqqında" Qanunun 87.1 maddəsində aidiyyət məsələsi həll oluna bilməz.

Dördüncüsü, qətnamənin icrasına onu qəbul etmiş məhkəmə nəzarət edir. (5)

İndi bunlara bir-bir baxaq.

87.1-ci maddə nə üçündür?

Əsas arqumentdən başlayaq. 87.1-ci maddənin mətni Ali Məhkəmənin dediyinin tam əksini deyir. Norma məhz “icra sənədinin icra olunması ilə bağlı” hərəkətlərdən və hərəkətsizlikdən şikayəti nəzərdə tutur.

Aydın mətnə şərh yolu ilə əks məna vermək olmaz: aydın olan şərh edilmir (in claris non fit interpretatio). Maddənin yerləşdiyi fəslin adı da, yəni “İcra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi”, onun icra icraatında hüquqların müdafiəsinə həsr olunduğunu göstərir. Bu, sərlövhədən çıxış edən arqumentdir (argumentum a rubrica).

Ali Məhkəmənin fikrini qəbul etsək, çox sadə bir sual yaranır: bəs onda 87.1-ci maddə “İcra haqqında” Qanunda niyə var? İcra məmuru inzibati orqanın, Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidmətinin əməkdaşıdır. İnzibati orqanın aktından, hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək üçün heç bir xüsusi normaya ehtiyac yoxdur. Bu hüquq onsuz da Konstitusiyanın 60-cı maddəsinin IV hissəsindən və İnzibati Prosessual Məcəllənin 2.1, 2.2 və 35.1-ci maddələrindən irəli gəlir. Əgər 87.1-ci maddə yalnız icra ilə bağlı olmayan hərəkətlər üçündürsə, o, heç bir yeni şey demir, sadəcə İnzibati Prosessual Məcəllənin onsuz da dediyini təkrarlayır.

Başqa sözlə, Ali Məhkəmənin şərhində 87.1-ci maddə heç bir hüquqi nəticə doğurmayan boş bir normaya çevrilir.

Hüquq normalarının təfsirinin sadə qaydaları isə məhz bu cür yanaşmanı qadğan edir. Qanun heç nəyi boş yerə etmir (lex nihil frustra facit). Qanunun sözləri onlara hüquqi nəticə verən şəkildə başa düşülməlidir (verba cum effectu accipienda sunt). Bir neçə şərhdən normanı işlək saxlayanı seçmək lazımdır, yəni norma məhv olmaqdansa qüvvədə qalmalıdır (ut res magis valeat quam pereat). Ali Məhkəmənin şərhi bu üç qaydanın üçünə də ziddir. 87.1-ci maddənin “İcra haqqında” Qanunda ayrıca yazılmasının yeganə məntiqli izahı budur ki, qanunverici məhz icra ilə bağlı hərəkətlərdən şikayətləri inzibati məhkəməyə vermək istəyib. Yuxarıda gördüyümüz kimi, xüsusi rəyin müəllifi də qanunu məhz belə oxuyur.

Ən ironik məqam isə budur ki, Ali Məhkəmənin Konstitusiya Məhkəməsinə aid etdiyi mətn özü də etiraf edir ki, 87.1-ci maddə məhz icra ilə bağlı hərəkətlərə aiddir. Həmin qərarın 24-cü bəndinə görə bu maddə “birinci hal üzrə”, yəni icranın təmin edilməsinə yönəlmiş fəaliyyətə dair şikayətləri tənzimləyir, 26-cı bəndə görə isə qanun “icra sənədinin icra olunması ilə bağlı” hərəkətlərdən şikayəti təsbit edir. Amma 87.1-ci maddə bu şikayətin hara veriləcəyini də yazır: inzibati məhkəməyə. Ali Məhkəmə isə maddənin nəyə aid olduğunu qəbul edir, onun göstərdiyi məhkəməni isə “inzibati iddia olmayan şikayət” adı ilə qətnaməni qəbul etmiş məhkəmə ilə əvəz edir. Yəni normanın bir yarısını tətbiq edir, o biri yarısını isə kənara qoyur.

qanunvericinin mövqeyi

İndi isə gəlin Qanunvericinin mövzu ilə bağlı davranışını xronoloji ardıcıllıqla baxaq. Qanunun ilkin redaksiyasında şikayətlər, iqtisad məhkəməsinin verdiyi icra sənədləri istisna olmaqla, icra məmurunun olduğu yerin məhkəməsinə verilirdi. Yəni qanunverici heç vaxt ümumi qayda olaraq qətnaməni qəbul etmiş məhkəməni seçməyib, meyar kimi həmişə icra məmurunun, yəni inzibati orqanın olduğu yeri götürüb. Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin 2012-ci il Qərarı məhz bu yazının mövzusu olan suala görə qəbul edilib. Bakı şəhəri Binəqədi rayon məhkəməsi Konstitusiya Məhkəməsindən “mülki iş üzrə məhkəmə qərarının icrasında yaranan mübahisəyə ümumi yurisdiksiyalı və ya inzibati-iqtisadi məhkəmə tərəfindən baxılmalı olması məsələsinə aydınlıq gətirilməsini” xahiş edib.

2012-ci ilin aprelində Konstitusiya Məhkəməsi icra məmurunun qərarından, hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrə İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati-iqtisadi məhkəmələrin baxdığını müəyyən edərək “İcra haqqında” Qanunun 87.2-ci maddəsi ilə İnzibati Prosessual Məcəllə arasındakı uyğunsuzluğun aradan qaldırılmasını Milli Məclisə tövsiyə edib. Qanun dəyişənədək isə 87.2-ci maddədəki “icra məmurunun olduğu yerin məhkəməsi” sözlərinin icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməli olduğunu müəyyən edib.

Daha sonra Qanunverici KM-nin bu çağırışına cavab verib. 16 oktyabr 2012-ci il tarixli, 444-IVQD nömrəli Qanunla 87.2-ci maddə ləğv edilib, 87.1-ci maddə dəyişdirilərək icra məmurunun hərəkət və hərəkətsizliyindən bütün şikayətlər icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə verilməsi istiqamətində qanun tənzimlənib. Hakim Nəcəfovun xüsusi rəyində “düzgün olmayaraq” deyə tənqid etdiyi “bütün hallarda” qaydası məhz bu dəyişiklikdir.

Sonra, 2019-cu ildə, inzibati-iqtisadi məhkəmələr ləğv edildi və onların yerində ayrıca inzibati və kommersiya məhkəmələri yaradıldı. 2020-ci ildə qanunverici 87.1-ci maddəni yeni sistemə uyğunlaşdırarkən yenidən seçim etməli idi və 29 iyun 2020-ci il tarixli, 150-VIQD nömrəli Qanunla “inzibati-iqtisadi” sözlərini “kommersiya” ilə deyil, məhz “inzibati” sözü ilə əvəz etdi.

Yəni qanunverici bu seçimi bir dəfə yox, iki dəfə edib: əvvəlcə Konstitusiya Məhkəməsinin çağırışı ilə bütün şikayətləri inzibati-iqtisadi məhkəməyə verib, sonra yeni məhkəmə sistemində yenə inzibati məhkəməni seçib. Qanunverici icra ilə bağlı şikayətləri qətnaməni qəbul etmiş məhkəməyə vermək istəsəydi, bunun üçün iki dəfə imkanı olub. Amma etməyib.

digər arqumentlər

İkinci arqument “şikayət” sözü ilə bağlıdır. Doğrudur, İnzibati Prosessual Məcəllədə “şikayət” adlı iddia növü yoxdur. Amma “İcra haqqında” Qanun icra məmurunun bütün aktlarından hüquqi müdafiə vasitəsini, o cümlədən Konstitusiya Məhkəməsinin şərh etdiyi xitamla bağlı halı da eyni “şikayət” sözü ilə ifadə edir. Bu söz prosessual forma deyil, hüquqi müdafiə vasitəsinin adıdır. Formanı isə prosessual qanun müəyyən edir: icra məmurunun qərarının ləğvi tələbi İnzibati Prosessual Məcəlləyə görə mübahisələndirmə iddiası formasında verilir. Üstəlik Mülki Prosessual Məcəllədə də icra məmurunun qərarından “şikayət” icraatı yoxdur. Yəni bu arqument doğru olsaydı, Ali Məhkəmənin göstərdiyi yolu da əsaslandırmazdı.

Üçüncü arqumentə görə aidiyyəti yalnız prosessual məcəllələr müəyyən edə bilər. Bu fikir heç bir normaya istinad etmir, çünki belə norma yoxdur. Məcəllələr də qanundur və qanunlarla eyni qüvvəyə malikdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu digər qanunlar qarşısında üstünlüyü yalnız Mülki Məcəlləyə və yalnız mülki hüquq normaları baxımından verib. (7) Ən maraqlısı isə odur ki, Konstitusiya Məhkəməsi 2017-ci il Qərarında xitamla bağlı şikayətin aidiyyətini məhz “İcra haqqında” Qanundan çıxarıb. Ali Məhkəmə haqlı olsaydı, özünün istinad etdiyi Qərar da yanlış olardı.

Dördüncü arqumentə görə qətnamənin icrasına onu qəbul etmiş məhkəmə nəzarət edir və bu, Mülki Prosessual Məcəllənin 228–232-ci maddələrindən irəli gəlir. Amma Konstitusiya Məhkəməsinin 2015-ci il Qərarı məhz bu maddələrə istinad edərək qətnaməni qəbul etmiş məhkəmənin səlahiyyətini onlarla məhdudlaşdırır və icra məmurunun aktlarından irəli gələn mübahisələri ayrıca inzibati məhkəməyə verir. Bu maddələr qətnamənin izahını, icraya möhlət verilməsini, icra üsulunun dəyişdirilməsini tənzimləyir, icra məmurunun qərarının qanuniliyinin yoxlanılmasından isə danışmır.

bir suala iki cavab

Ədalət naminə deyim ki, icraya nəzarətin qətnaməni qəbul etmiş məhkəmədə cəmləşməsi pis fikir deyil və hüquq elmi baxımından onun tərəfdarları ola bilər. Amma əsas problem burada deyil. Problem ondadır ki, bu gün eyni suala iki bir-birini istisna edən cavab var. Konstitusiya Məhkəməsinin 2015-ci il Qərarı qüvvədədir və Konstitusiyanın 130-cu maddəsinə görə bütün məhkəmələr üçün məcburidir. Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə görə isə qanunların şərhi məhkəmə üçün yalnız Konstitusiya Məhkəməsinin qərarında verildikdə məcburidir. Ali Məhkəmənin isə ona zidd “vahid təcrübəsi” var və aşağı instansiya məhkəmələri praktikada məhz ona əməl edir.

Burada problem qətnaməni qəbul etmiş məhkəməyə müraciətin özündə deyil. Həmin məhkəmə, məsələn, analogiyadan istifadə edərək belə şikayətə baxa bilər. Problem ondadır ki, bu yol qanunun açıq mətninə və Konstitusiya Məhkəməsinin məcburi qərarlarına ziddir. Qanunun və Konstitusiya Məhkəməsinin göstərdiyi inzibati məhkəməyə müraciət edən şəxsin iddiası Ali Məhkəmənin təcrübəsinə əsasən mümkün sayılmır, yəni şəxs qanuna əməl etdiyi üçün məhkəmə müdafiəsindən kənarda qalır.

Hüquqi müəyyənlik vətəndaşın hüququnu hansı məhkəmədə müdafiə edəcəyini əvvəlcədən bilməsini tələb edir. Qanunu və Konstitusiya Məhkəməsinin qərarını oxuyan şəxs bir cavab alır, Ali Məhkəmənin təcrübəsini oxuyan isə tam əksini. Kimin haqlı olmasından asılı olmayaraq, iki ali məhkəmə orqanının eyni suala fərqli cavab verməsi özlüyündə hüquqi müəyyənlik və hüquq dövləti problemidir. Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə razı deyilsə, Konstitusiya ona Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı verir. Konstitusiya Məhkəməsinin qərarını sitat gətirib əksini etmək kimi şərq hiyləgərliyi taktikaları isə yüngül desək, qeyri-ciddi görsənir.

Bundan sonra isə ikinci dərəcəli, amma praktik baxımdan heç də az əhəmiyyətli olmayan suallar yaranır. Mülki Prosessual Məcəllədə icra məmurunun hərəkətlərindən qətnaməni qəbul etmiş məhkəməyə şikayətin qaydası yoxdur. Belə şikayət hansı müddətdə verilməlidir? Müddət ümumiyyətlə yoxdurmu və icra məmurunun hərəkətindən qeyri-müəyyən müddət ərzində qətnaməni qəbul etmiş məhkəməyə ərizə vermək olarmı? Yoxsa “İcra haqqında” Qanundakı qaydalar tətbiq edilməlidir? Amma həmin Qanun şikayətin inzibati məhkəməyə verilməsini tənzimləyir, onun qaydalarını qətnaməni qəbul etmiş məhkəməyə necə tətbiq edək? Analogiya bu boşluqları doldura bilər, amma hər məhkəmə onları öz bildiyi kimi dolduracaq. Bu isə yenə də qeyri-müəyyənlik deməkdir.

Konstitusiya Məhkəməsi və sahəvi hüquq

Bu vəziyyətin, daha doğrusu bu problemin bir səbəbi də Konstitusiya Məhkəməsinin özündədir. Bizdə Konstitusiya Məhkəməsi yalnız Konstitusiyanı deyil, adi qanunları da şərh edir və onun qərarlarının xeyli hissəsi Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin, “İcra haqqında” Qanunun konkret maddələri haqqındadır. Bu qərarlarda çox vaxt konstitusiya hüququ məsələsi ümumiyyətlə yoxdur. Nəticədə eyni qanunu iki ali məhkəmə şərh etmil olur Belə olan halda isə onların cavablarının gec-tez fərqlənməsi qaçılmazdır.

Nə isə! Başlıqdakı suala bu gün dürüst cavab vermək mümkün deyil. Qanunu və Konstitusiya Məhkəməsinin qərarlarınız oxusanız, inzibati məhkəməyə, Ali Məhkəmənin qərarlarını oxusanız isə qətnaməni qəbul etmiş məhkəməyə, özü də Konstitusiya Məhkəməsinin heç vaxt demədiyi sözlərə istinadla müraciət etməlisiniz..

Hüquq dövlətində isə belə sadə bir sualın iki fərqli cavabı olmamalıdır…


(1) Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli Qərarının rəsmi mətni: www.constcourt.gov.az/az/decision/376. Eyni mətn Mülki Kollegiyanın 11.05.2022-ci il tarixli, 2(102)-2928/2022 nömrəli qərarında da var (p. 17–21).

(2) 2-1(102)-2777/2023: Konstitusiya Məhkəməsinin Qərarından düzgün sitat, b. 26; Qərarda olmayan mətn, p. 31–41. 2-1(102)-3114/2023, p. 28, 29; 2-1(102)-939/2024, p. 3.

(3) 2-1(102)-939/2024, p. 8, 9; icra ödənişi haqqında qərara dair iddia barədə: 2-1(102)-2777/2023, p. 48.

(4) 2-1(102)-2777/2023, p. 24; 11.04.2023-cü il tarixli, 2-1(102)-5/2023 nömrəli qərar, p. 12.

(5) 2(102)-2890/2022, b. 23–27; 2-1(102)-2777/2023, p. 26–43; 2-1(102)-3114/2023, p. 14, 25–29; 08.12.2023-cü il tarixli, 2-1(102)-2342/2023 nömrəli qərar, p. 17, 18; 2-1(102)-5/2023, p. 24; 2-1(102)-939/2024, p. 3, 11.

(6) Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarı: www.constcourt.gov.az/az/decision/233.

(7) “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, m. 2.5.

Vorig artikelPrevious“Dövlət satınalmaları haqqında” Qanunun tələbləri pozularaq bağlanmış müqavilənin etibarsızlığı məsələsi…